yüklənir
16-02-2018, 13:52 от Naila

Azərbaycanın Turizm və Menecment Universitetinin 175 məzunu Avstriya universitetinin diplomunu alıb / Elm

Sabirabad life Jurnalı AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı gündən etibarən xarici əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. ATMU-nun ölkəmizdə turizm təhsili verən yeganə ali təhsil müəssisəsi olması bu universitetdə xarici əlaqələr istiqamətində gərgin işin aparılmasını labüd edir. Belə ki, ATMU xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirlikləri, dünyada turizm sektoru və eləcə də turizm təhsili üzrə tanınmış təşkilatlar ilə əlaqələrin qurulmasını və inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsində ATMU ölkəmizin təhsil tarixində ilk dəfə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ingilis dilində təhsilə əsaslanan ikili diplom layihəsi hazırlayıb. İki ali təhsil ocağı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu günədək 175 tələbəmiz həm ATMU-nun, həm də tərəfdaş universitetin diplomunu alıb. Bu ali təhsil ocaqları arasında münasibətlərin inkişaf etdirilməsi 2011-ci ildə magistratura pilləsi üzrə də eyni əməkdaşlıq müqaviləsinin imzalanmasına təkan verib. Bu sənədə əsasən, hər il təxminən 30-dək əcnəbi müəllim ATMU-da müvafiq proqram üzrə mühazirələr oxuyur, tələbələrin biliklərini qiymətləndirir. 2016–cı ilin aprelində ümumi əməkdaşlıq anlaşmasına uyğun proqramın davam etdirilməsi qərara alınıb.Bunu ATMU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, 2007-ci ildən başlayaraq ATMU Avropa İttifaqının “Erasmus Mundus” layihələri çərçivəsində həyata keçirilən təşəbbüslərə qoşulub. Ümumilikdə ATMU-nun 35-dək nümayəndəsi həmin layihələrdə universiteti layiqincə təmsil edib. Məhz bu layihələr çərçivəsində ATMU müxtəlif ölkələrin turizm təhsili verən universitetləri ilə əlaqələr qurub, qısa və orta müddətli turizm təhsili sahəsində müxtəlif layihələr həyata keçirib. Belə ki, 2008-ci ildən başlayaraq ATMU Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti (YTEU) ilə əməkdaşlığa başlayıb. İki ali təhsil ocağı arasında imzalanmış müqavilə çərçivəsində ATMU-nun tələbələri YTEU-nun hər yay alman dilində təşkil etdiyi yay məktəblərində iştirak edir və bir semestr müddətində həmin universitetdə təhsil alırlar. Bu əməkdaşlıq çərçivəsində bu günədək ATMU-nun 10 tələbəsi mövcud imkandan faydalanıb.
ATMU-nun digər nüfuzlu universitetlərlə əməkdaşlığına toxunan O.Musa deyib: “Tələbələrimizin yay məktəblərində iştirakı baxımından digər önəmli tərəfdaşımız qardaş Türkiyənin Atatürk Universitetidir. 2011-ci ildən başlayaraq bu günədək ATMU-nun 14 tələbəsi hər il Atatürk Universitetində ikihəftəlik yay məktəblərində iştirak edirlər. ATMU-nun Türkiyənin digər universitetlər ilə əlaqələrinin qurulmasında “Mövlanə mübadilə” proqramının xüsusi rolu var. Belə ki, proqram çərçivəsində ATMU Türkiyənin 15-dək təhsil ocağı ilə əməkdaşlıq edir. Artıq son üç ildə ATMU-nun 14 tələbəsi müvafiq proqram çərçivəsində Türkiyənin müxtəlif universitetlərində bir semestr müddətində türk dilində təhsil alıb. Həmçinin ATMU-nun müəllimləri də mütəmadi olaraq Türkiyənin müxtəlif universitetlərində türk dilində bir həftə tədris aparıblar. Müvafiq proqram çərçivəsində tərəfdaş universitetlərdən 10-dan çox müəllim ölkəmizdə olub və ATMU tələbələri üçün mühazirələr oxuyub”.

Baxılıb: 551
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq