yüklənir
23-01-2018, 11:46 от Naila

Müxtəlif universitetlərin tələbələri Genetik Ehtiyatlar İnstitutunda təcrübə keçirlər / Son Xəbərlər / Elm

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) mütəxəssisləri tərəfindən “Mədəni bitkilərin genetik ehtiyatları üzrə Dövlət (Milli) Proqramı” və onunla əlaqədar əsaslandırma sənədləri hazırlanaraq hökumətə təqdim edilib. Yaxın zamanlarda qəbul ediləcəyi gözlənilən proqram ölkədə genetik ehtiyatlar sahəsində yaranmış yeni, daha münbit şəraitdən maksimum istifadə olunmasına, tədqiqatların dərinləşdirilməsinə, elmi təsdiqini tapmış ideyaların reallaşdırılaraq həyata vəsiqə almasına mühüm dövlət dəstəyi olacaq.
Bunu AZƏRTAC-a müsahibəsində GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib.
O, GEİ-də gələcəyə hesablanmış addımlardan birinin də təhsil müəssisələri ilə daha sıx ünsiyyətin yaradılmasından ibarət olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Bakı Dövlət Universiteti ilə müvafiq müqavilə imzalanaraq institutda bu ali təhsil ocağının kafedrasının filialı yaradılıb. GEİ-də Azərbaycan Dövlət Aqrar Universitetinin kafedrasının yaradılması da mühüm hadisədir. Hazırda analoji müqavilənin digər müvafiq universitetlərlə bağlanması üzrə də işlər aparılır. Müxtəlif universitetlərin tələbələrinin institutda təcrübə keçməsi artıq adi hal alıb.
Z.Əkpərov vurğulayıb ki, 2015-ci ildə AMEA prezidentinin təşəbbüsü, qayğısı və davamlı dəstəyi ilə akademiyada ilk magistraturanın yaradıldığı ən böyük təşkilatdan biri də GEİ olub. O deyib: “İnstitut bu sahəyə xüsusi diqqət göstərir. Belə ki, bir nəfər dissertasiya işini uğurla müdafiə edərək magistr dərəcəsinə yüksəlib. Bundan başqa, 2016 və 2017-ci illərdə magistraturaya qəbul xüsusi tələbkarlıqla aparılıb. Tədris proqramları xeyli təkmilləşdirilib, insan genetikası ixtisası üzrə tədris proqramları inkişaf etmiş ölkələrin proqramları əsasında yaradılıb və tədrisdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadəsi təmin olunub. Hazırda institutda 11 nəfər magistraturada təhsilini davam etdirir”.

Baxılıb: 439
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq