yüklənir
14-08-2021, 21:12 от NuraHeydərli

Gəncədə LED lampaları istehsal olunacaq / Son Xəbərlər

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. Fəaliyyət göstərəcək yeni müəssisədə LED lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub.Sahibkar Zəfər Məmmədov zavod və burada görülən işlər barədə şəhər rəhbərinə məlumat verib. O bildirib ki, binada aparılan təmir işlərinin 80%-ə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq. Burada istehsal olunacaq LED lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.
Zəfər Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyindən də danışıb. O bildirib ki, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. “Bununla yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunacaq LED lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək”, - deyə o qeyd edib.
Göstərilən dəstəyə görə dövlət başçısı və şəhər rəhbərliyinə təşəkkür edən Zəfər Məmmədov, sahibkarlara da çağırış edib: “Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. “Gəncə İş Adamları” İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa çağırıram”.

Qeyd edək ki, yeni müəssisənin cari ilin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunacaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.

Baxılıb: 69
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq