yüklənir
14-08-2021, 21:07 от NuraHeydərli

Təbii fəlakətlər nəticəsində sığorta şirkətlərinin zərəri 40 mlrd. dollara çatıb / Son Xəbərlər

Bu ilin birinci yarısında ekstremal hava şəraiti səbəbindən sığorta şirkətlərinin itkiləri təxminən 40 mlrd. ABŞ dollarına çatıb. Bu, son 10 il ərzində ən böyük yarımillik məbləğdir.Məlumata görə, bu barədə "Financial Times" İsveçrənin "Swiss Re" təkrarsığorta şirkəti tərəfindən aparılan araşdırmaya istinadən yazır.
Hesabatda deyilir ki, iqlim dəyişikliyi əlaqəli və təbii fəlakətə meylli ərazilərdə sürətli şəhər inkişafı səbəbindən müşahidə edilən hava şəraiti Yaponiya və Yeni Zelandiyadakı zəlzələlərdən sonra 2011-ci ildən bəri sığortaçıların ən böyük itkisinə gətirib çıxarıb. Xüsusilə, 13-17 fevralda Şimali Amerikada qışda müşahidə edilən fırtına səbəbindən sığorta şirkətlərinin itkiləri 15 mlrd. dollara çatıb.

"Swiss Re"nin tədqiqatçıları hələ ilin ikinci yarısında sığortaçılar üçün zərər proqnozları ilə çıxış etməyiblər, lakin şirkətin sözçüsü Martin Bertoqqun dediyinə görə, iyul ayında Çin və Avropada baş verən güclü daşqınlar nəzərə alınmaqla bu seqment rekord itki ilə üzləşə bilər.

Almaniyalı mütəxəssislərin fikrincə, Almaniyanın qərbində baş verən dağıdıcı daşqınlar nəticəsində yaranan sığorta zərəri 5 mlrd. avroya çata bilər.

Sığortalı və sığortalanmamış itkilər də daxil olmaqla təbii və texnogen fəlakətlərdən qlobal iqtisadi ziyan 2021-ci ilin birinci yarısında 77 mlrd. dollar təşkil edib ki, bu da 10 ilin ortalama göstəricisindən azdır. "Swiss Re"nin məlumatına görə, müxtəlif fəlakətlər nəticəsində təxminən 4,5 min insan ölüb və ya itkin düşüb

Xatırladaq ki, Britaniyanın "Aon" şirkətinin ilkin qiymətləndirməsinə görə, genişmiqyaslı təbii fəlakətlər səbəbindən dünyanın sığorta şirkətləri ilin birinci yarısında dəymiş ziyanı ödəmək üçün təxminən 42 mlrd. dollar ayırmaq məcburiyyətində qalacaq. Bu, son 10 il ərzində qeydə alınan rekord göstəricidir.


Baxılıb: 55
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq